Müalicəvi  qidalanma


Pəhrizlərlə   müalicə   (dietoterapiya)  insanlara  qədimdən  məlum  olsa  da, bu  üsulun elmi əsasları və  prinsipləri son dövrlərdə qidalanma haqqında elmin-dietologiyanın tərəqqisi və  orqanizmdə gedən  maddələr   mübadiləsi  proseslərinin  və onların patoloji dəyişmələri əlaqələrinin  dərindən  öyrənilməsi və  müasir  qida  texnologiyasının nailiyyətləri sayəsində formalaşmışdır.

Məlumdur ki, ölkələrin inkişaf səviyyəsindən, qida məhsullarının əldə edilməsi texnologiyalarından, əhalinin müəyyən  qidalara  ənənəvi və  ya  məcburi  meyllərindən  asılı olaraq,  qidalanmanın  strukturunda  əhəmiyyətli  dəyişikliklər  baş  verir.

 Bir  sıra  yüksək  inkişaf etmiş  ölkələrdə  əhalinin qidasında  heyvan mənşəli qidalar, heyvani yağlar daha çox üstünlük təşkil edir.

Digər  tərəfdən,  bir  sıra  qida  maddələri,  ilk  növbədə  karbohidratlar  xeyli  dərəcədə rafınadlaşmış  halda  qəbul  edilir. Bu  kimi  hallar  əhalinin  qidalanma  strukturunda xroniki disbalansın  yaranmasına, "pozulmuş maddələr mübadiləsi xəstəlikləri”nin (ateroskleroz, diabet, piylənmə, öd və böyrək daşları xəstəliyi və s.) artmasına gətirib çıxartmışdır.

Müalicəvi qidalanma müalicə və ya profılaktiki məqsədlər üçün xüsusi olaraq tətbiq edilən qidalanma rejimi və rasionlarının tətbiq edilməsi üsuludur.

Bu, müalicənin müstəqil metodu olmayıb, dərman və digər vasitələrin köməyi ilə aparılan kompleks müalicənin bir tərəfı sayıla bilər.

Profilaktiki qidalanmanın əsas məqsədi isə bu və ya digər xəstəliklərə, istehsalat və ya peşə zəhərlənmələrinə, iş şəraitində mümkün olan zərəri təsirlərə qarşı orqanizmin müqavimətini artırmaq, onda zərərli maddələrin yığılmasını məhdudlaşdırmaq və ya tezliklə kənar edilməsini sürətləndirməkdən ibarətdir.

Müalicəvi qidalanma konsultasiyası necə aparılır?

• Pasientin xəstəlik anamnezi  toplanır - pəhriz tərtib edərkən mütləq nəzərə alınmalı olan xəstəliklərin siyahısı  toplanılır.

 • Pasientin  pəhrizi, qidalanma vərdişləri, fiziki aktivlik  səviyyəsi öyrənilir.

 • Bədən kütləsi indeksi   müəyyən edilir.

 • Bədən tərkibinin təhlili  həyata keçirilir.

• Gələcək pəhrizin məqsədi  müəyyənləşdirilir. 

• Optimal pəhriz növü müəyyən edilir.

• Standartlaşdırılmış pəhriz menyusu  təqdim  edilir  və ya pasientin  istəyi ilə fərdi pəhriz hazırlanır.

(gündəlik menyu, vizual materiallar və diaqramlar şəklində tövsiyələr)